BAŞA DÖN

ANA SƏHİFƏ >Yazarlar

17-03-2017, 13:34

Öz dünyanın Tanrısı olmaq

Öz dünyanın Tanrısı olmaq

Oxunub:11310

Zümrüd Yağmur

Insan sevmək istər…

Sevdiyində var olub dünyada tapmadığı xoşbəxtliyi öz duyğuları ilə, qəlbi ilə quracağı yeni dünyanda öz əlləri ilə inşa edəcəyinə inanar. Bu dünyada özünü yalnız, qərib hiss edən hər insanın tək qurtuluşu onun olmayan bu dünyanın yadlığından ona qucaq açan qolların arasındakı doğma dünyasında sığınacaq tapması, tamlıq duymasıdır.
Kimsə dünyaya gərək deyil. Bu dünyada yalnız dünyanı özü üçün gərəyə çevirənlər, dünyadan yararlana bilənlər özlərini yad, atılmış hiss etmirlər. Sevənlər isə bu dünyadan üz döndərmişlər, onu özünə doğmalaşdıra bilməyib öz dünyasını axtaran zavallı divanələrdir. İnanarlar ki, quracaqları dünya o qədər böyük olacaq ki, yaşadıqları kainatı da ora sığışdıra biləcəklər, inanarlar ki, orada hər şey o qədər gözəl, rahat olacaq ki, Tanrının axirətdə vəd etdiyi cənnəti özləri özlərinə ərmağan edəcəklər.

Sevmək arzusu yeni bir dünya yaratmaq, yaratdığın dünyaya tək hökm etmək, sahib olduğun dünyaya içindəki xəyal və eşqlə bəzək vurmaq, o dünyanın Tanrısı olmaq, buludlarsız aydın səma qurmaq atəşidir.

Yaradacağına inandığın dünyada sevdiyini günəş bilib onun işığında gecələrsiz günlər, aylar, illər yaşayacağına inanmaq, sənin üçün doğan günəşin şəfəqlərini qucaqlayaıb öz vücudunda tutmaq, bir zərrəsini də kimsəyə buraxmamaq…
İnsan sevilmək istər…

Sevənin verdiyi dəyərdə lazımsızlığın, adiliyin darıxdırıcılığından qurtulub su kimi, hava kimi olmazsa olmaza çevrilməyi arzulayar. Sevginin müqəddəsliyində kahin kimi həyat məbədi qurub onun qarşısında sevənin dualarını, yalvarışlarını, əfv diləmələrini qəbul etmək istər. Beləcə hər məqamda sevgilisini qəlbinə gətirib onu ruhuna köçürər, özgə qəlblərə getməkdən qorumaq istər.

Sevmək – özünü qurban etmək, ölümü, əzabı, ağrı-acını qarşısına alıb meydan oxumaq, həsrət odunda yandırıb yaxmaq ehtirasıdır. Sevdiyinin vüsal həsrəti qarşısında dünyanın əzabını heçləşdirmək, acısını dadsızlaşdırmaq, qorxusunu ayaqlar altına alıb tapdamaq cəsarətidir. Bütün bunlara qadir olanın qarşısında dünyanın acizləşib, təsirsizləşməsini görmək, gerçək dünyanı öz yaratdığın dünyanın altında əzmək qüdrətidir. Bu qüdrətin qarşısında aşiqlərin diz çöküb səcdə etməsi, ona tapınması bir sərsəri kimi heyrət içərisində donub qalmasını görmək kənardakılar üçün anlaşılmaz, ağla sığımaz bir divanəlik hesab olunur. Bu üzdən Məcnunun heyranlıq və özündən keçməsini, sərsəri kimi qərarsızlığını onun ağıl və düşüncəsini heyrət içərisində donduran sevginin qüdrətində görmək gərəkdir.