BAŞA DÖN

ANA SƏHİFƏ >İqtisadiyyat

30-01-2017, 20:33

Xarici maşın yağlarının Azərbaycanda bazarı bağlandı

Xarici maşın yağlarının Azərbaycanda bazarı bağlandı

Oxunub:4797

Təməli 2015-ci ildə qoyulmuş Azərbaycanın və Qafqazın ilk mühərrik və sənaye yağları zavodu olan “Technol” MMC şirkətinin rəsmi açılış mərasimi keçirilib.
 
Şirkətin istehsal etdiyi mühərrik yağlarını fevral ayının 1-dən istehlakçılar əldə edə biləcəklər.
 
“Technol” MMC-nin icraçı direktoru Murad Rəfiyev vurğulayıb ki, hal-hazırda şirkət 60-dan çox məhsul istehsal olunur.
 
“Bütün növ nəqliyyat vasitələri minik və yük maşınları, motosikletlər, o cümlədən sərnişin və yükdaşıma gəmiləri üçün mühərrik yağları, ötürücü qutu yağları istehsalını həyata keçirən zavodumuz eyni zamanda sənaye məqsədli yağlar, reduktor yağları, hidravlik yağlar, müxtəlif növ sürtgü yağları və antifrizlər də istehsal edir. Bizim 50-ə yaxın əməkdaşımız olan müəssisəmiz var. Şirkətimizin gündəlik 100 tona yaxın məhsul istehsal etmək gücü var ki, yaxın günlərdə bu 200 tona çatdırılacaq. Ən qısa zamanda illik 80 min ton məhsul istehsal etməyi qarşımıza məqsəd qoymuşuq. Azərbaycan bazarına çıxdıqdan sonra paralel olaraq xarici bazara məhsul ixrac etməyi düşünürük. İlk öncə Türkiyə, Rusiya, İran, Gürcüstan daha sonra Mərkəzi Asiya ölkələri və digər MDB ölkələrinə ixrac nəzərdə tutulub”, - deyə M.Rəfiyev bildirib.
 
İcraçı direktorun sözlərinə görə, şirkətin istehsal etdiyi məhsulun yerli istehsal olması qiymət cəhətdən məhsulları daha əlverişli edəcək. O bildirib ki, keyfiyyətə gəlincə, zavod 2015-ci il istehsalı olan, son model laboratoriyaya malikdir və Yaponiya, Almaniya, Avropa istehsalı olan cihazlarla təmin olunub: “Bu, bizə imkan verir ki, bazara yüksək keyfiyyətli məhsul çıxara bilək. Məhsullarımızın istehsalı zamanı istifadə etdiyimiz xammal və qatqılar dünyanın ən aparıcı şirkətlərin istifadə etdiyi xammal və qatqılar olduğuna görə, keyfiyyətinə əminik. Bazarda olan digər məhsullarla müqayisədə 50% nisbətində qiymət fərqliliyi olacaq”.
 
Qeyd edək ki, “Technol” MMC şirkətinin tikintisi zamanı heç bir kredit xəttindən istifadə olunmayıb, yerli sərmayə hesabına tikilib. Zavodda dünyada mühərrik və sənaye yağları sahəsində uzun illər təcrübəsi olan  şirkətlərində fəaliyyət göstərən xarici mütəxəssislər çalışır ki, bu da istehlakçılara yüksək keyfiyyətli məhsulun təqdim olunmasına və analizlər etməyə imkan yaradır.
 
“Technol” MMC mühərrik və sənaye yağları sahəsində dünyanın tanınmış xammal və qatqı təchizatçıları olan “İnfineum”, “ADCO” və “Lubrizol” kimi şirkətlərlə əməkdaşlıq edir.
 
Qeyd edək ki, xarici yağ istehsalçıları məhsullarına 5000 km təminat verdikləri halda, "Technol" məhsulu üçün bu göstərici 10000 km-dir.